Çimərlik

Mövcud karantin rejiminin qaydalarına uyğun olaraq tətbiq edilmiş məhdudiyyətlərə əsasən hər bir çimərlik məhdud sayda insan üçün fəaliyyət göstərir. Bu say çərçivəsini aşmamaq şərti ilə çimərliklərə gedə bilərsiniz.

Bunun üçün www.cimerlik.az saytına daxil olaraq getmək istədiyiniz çimərlikdə hal-hazırda neçə insanın olduğunu və çimərliyin doluluq səviyyəsini görə bilərsiniz. Əgər seçdiyiniz çimərlikdə insan sayı çoxdursa və doluluq səviyyəsinə yaxındırsa, daha az sıxlıq müşahidə olunan çimərliyə uz tutmanız xahiş olunur.

Mövcud karantin rejimi çərçivəsində çimərliklərdəki hovuzlar, attraksionlar, o cümlədən əyləncə və idman guşələrinin fəaliyyəti dayandırılmışdır. Bu ərazilərdən hər hansı bir şəkildə istifadə qadağandır.

Səhhətinizlə bağlı hər hansı bir narahatlıq müşahidə edilirsə, bu zaman evi tərk etməməyiniz tövsiyə edilir. Əgər özünüzdə hər hansı bir narahatlıq, COVID-19 virusuna spesifik olan simptomlar hiss edirsinizsə, evdə qalmağınız və müvafiq ərazi tibb nümayəndəliyi ilə əlaqə saxlamağınız tövsiyə olunur. Səhhətində hər hansı bir problem müşahidə edilən şəxslərin çimərlik ərazisinə gəlməsi qadağandır.

Çimərliyə getməmişdən öncə ilk növbədə gedəcəyiniz çimərlikdəki sıxlıq vəziyyəti ilə bağlı www.cimerlik.az saytı üzərindən məlumat almanız xahiş edilir. Eyni zamanda saytda yerləşdirilmiş müvafiq bölmələrdəki qaydalar və tələblərlə tanış olmağınız vacibdir. Qeyd edilmiş qaydalar və tələblərə riayət edilmədiyi halda siz çimərlik ərazisinə buraxılmaya bilərsiniz.

Çimərlik ərazisində olarkən xüsusi yerləşdirilmiş məlumat lövhələrindəki qaydalarla tanış olmağınız və onlara əməl etməyiniz tələb olunur. Bununla bərabər çimərlik ərazisindən müvafiq gigiyena qaydaları çərçivəsində istifadə etməyiniz, digər şəxslərlə aranızda ən az 2 metrlik fiziki məsafəni qorumağınız zəruridir. Çimərlikdəki qapalı ərazilərdə (soyunub-geyinmə kabinləri, sanitar qovşaqlar və s. ərazilər) tibbi maskadan istifadə etmək məcburidir. Üzmək üçün nəzərdə tutulmuş ərazilərdən kənar açıq məkanlarda tibbi maskadan istifadə etməyiniz tövsiyə edilir. Çimərlik ərazisində yerləşdirilmiş antiseptik məhlullardan mütəmadi olaraq əllərinizi dezinfeksiya etmək üçün istifadə etməyiniz vacibdir.